Diqqət! Saytımızın versiyası yeniləndi. Yeni versiyaya burdan DAXİL OLUN!
Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife | Giriş | Qeydiyyat
Dovşan ətinin haram olması barəsində heyrətamiz qeydlər
Əziz dostlar!
Məqalənin həcmi böyük olsa da oxuyub paylaşmağınızı xahiş edirəm.
İmkan verməyin ki, bəzi dırnaqarası “ilahiyyatçılar” həqiqəti sizdən gizlətsinlər...

“DOVŞAN” MÖVZUSU BARƏDƏ QEYDLƏR
Öz nəcisini yeyən heyvanın ətini məcazınız götürərmi?

Son zamanlar dovşan ətinin halal ya haram olması ilə bağlı mənasız və süni mübahisələrin gündəmə gətirildiyini nəzərə alaraq, məsələyə münasibət bildirməyi qərara aldım. Bəzi qüvvələrin “dovşan biznesi”nə rəvac verdiklərini və bu zaman hətta öz ruhani nüfuzlarından sui-istifadə etməkdən belə, çəkinmədiklərini nəzərə alaraq hesab edirəm ki, həqiqəti oxucuların diqqətinə çatdırmağın məqamı çatıb.
Əvvəla, məsələyə münasibət bildirən bəzi ilahiyyatçılar, eləcə də, onların yanlış münasibətini “cəh-cəh və bəh-bəhlə” dəstəkləyən şəxslər həmişəki kimi, yenə istər dini, istərsə də bundan daha artıq dərəcədə dünyəvi bilik sarıdan kasadlıqlarını nümyiş etdirdilər. Bir çox məsələlərdə, o cümlədən, Ay və üfüq məsələlərində ən elementar savaddan məhrum olduqlarını göstərənlər “dovşan biznesi”nə tələsik münasibət bildirməklə yenə acınacaqlı durumda olduqlarını ortaya qoydular. Əslində başqa cür olacağını gözləmirdim də... Aşağıda öz fikirlərimi çox qısa şəkildə, tezislər formasında bəyan edəcəyəm və imkan dairəsində qoyduğum ipucları vasitəsilə daha dərin araşdırma aparmağı oxucuların öhdəsinə buraxıram...
***
Birincisi,
1400 illik şiə tarixi boyunca dovşan ətinin haram olması mütləq üstünlük halında müdafiə edilməkdədir. ƏHLİ-SÜNNƏ FİQHİNDƏ DOVŞAN ƏTİNİ YEMƏK HALALDIR. Şiə məzhəbində isə bütün məşhur fəqihlər dovşan ətinin haramlığına fətva veriblər. Qarşı tərəf nümunə kimi yalnız mərhum Müqəddəs Ərdəbilnin “Məcməül-faidə” kitabından nümunə gətirir. Halbuki, həmin kitabın 11-ci cildinin 171-ci səhifəsində mərhum Müqəddəs Ərdəbili sadəcə, dovşan ətinin haramlığı barədə dəlillərin yetərli olması barədə şübhələrini bildirir və haram hökmünün kərahətə (məkruhluğa) mənalandırılmasını mümkün (qəti yox) variantlardan sayır. Təsadüfi deyil ki, elə həmin kitabda Müqəddəs Ərdəbili dovşan dərisindən tikilmiş libasda namaz qılmağın caiz olmadığı fikrinə üstünlük verdiyini və bunun ehtiyata müvafiq olduğunu göstərir. Hər bir halda, onun guya dovşan ətini halal saydığını qəti şəkildə iddia etmək həqiqətdən uzaqdır və həqiqəti təhrif etmək deməkdir...
Bunu da unutmayaq ki, şiə üləması arasında fikir ayrılıqları qətiyyən dovşan ətinin halal ya haramlığı mövzusunda deyil, dovşanın zatən nəcis olduğu, yoxsa şəri qaydada ovlandıqdan sonra dərisinin pak olacağı mövzusundadır (məsələn, pələng, timsah və s. kimi). Beləliklə, biz elə bir heyvan haqqında danışırıq ki, alimlərimizin bir qismi hətta onun donuz və it kimi zatən nəcis olduğu və pak edilə bilmədiyi qənaətində olmuşlar.
Bəzi korifey alimlər dovşan ətinin haramlığı mövzusunda şiə üləmasının ittifaq etdiklərini iddia etmişlər. Məsələn, Şeyxüt-taifə Tusi “əl-Məbsut” kitabında yazır: “Dovşan bizdə (şiələrdə) haramdır, onlarda (əhli-sünnədə) isə halaldır” (cild 6, səh. 280). Mərhum Seyyid Mürtəza da “əl-İntisar” kitabında imamiyyə şiələrinin dovşan yeməyi haram saydıqlarını yazır (səh. 400. Eyni fikri “Rəsailül-Mürtəza”da da oxuyuruq). Seyyid Əli Təbatəbai “Riyazül-məsail” kitabında (13-cü cild, səh. 389) qeyd edir ki, dovşanın və bəzi başqa heyvanların ətinin haram olmasında heç bir fikir ayrılığı yoxdur; əksinə, keçmiş alimlərin kitablarında bu məsələ icma halındadır və bunun özü hüccətdir (dəlildir). “Cəvahirül-kəlam” kitabında da (cild 36, səh. 296) icma iddiasına rast gəlirik. Mərhum Şeyx Səduq (“əl-Müqni”, səh. 419), Şeyx Müfid (“əl-Müqniə”, səh. 578), İbn əl-Bərrac (“əl-Mühəzzəb”, cild 2, səh. 428), İbn İdris Hilli (“Sərair”, səh. 222), Mühəqqiq Hilli (“Şərayel-İslam”), İbn Fəhd Hilli (“əl-Mühəzzəbül-bare”, cild 4, səh. 206), Şəhidi-əvvəl və Şəhidi-sani (“ər-Rövzətül-bəhiyyə fi şərhil-Lümətid-Diməşqiyyə”, cild 2, səh. 156), Mühəqqiq Nəraqi (“Müstənədüş-şiə”, cild 15, səh. 100) dovşan ətinin haram olduğunu yazmışlar. Son dövrün məşhur fəqihlərindən olan Ayətullah Seyyid Əhməd Xansari də “Cameül-mədarik” kitabnda (cild 5, səh. 149) dovşan ətinin haramlığını təsdiq edir. Hətta məşhur şiə fəqihi İbn Zöhrə “Ğünyətün-nüzu” kitabında tülkü və dovşanın nəcis (murdar) olduğunu da icma kimi qeyd edib (cild 1, səh. 44). Əbussəlah Hələbi, Səllar kimi qədim fəqihlər də dovşanı murdar sayır və rütubətli halda onunla təmasdan sonra pak olmağı vacib bilirdilər. Göründüyü kimi, burada şiə fiqhinin ən üstün şəxsiyyətlərinin fikri açıqlandı…
***
İkncisi,
dovşan ətinin halallığı barədə bir neçə il əvvəl dünyasını dəyişmiş müctəhid Sadiqi Tehraniyə məxsus fətvanın Azərbaycanda təbliğ edilməsi təşəbbüsünün arxasında maddi maraqların və “dovşan biznesinin” durduğu aşkara çıxdı. Ehtimal etmək olar ki, ümumiyyətlə Sadiqi Tehraninin əələm mərceyi-təqlid kimi təbliğ olunma cəhdinin arxasında da kommersiya maraqları dura bilər...
Maraqlıdır ki, namazda heç bir üzür olmadan xalça-palazın üzərinə səcdə etməyə icazə verən, azanda üçüncü şəhadət cümləsini söyləməyi bidət adlandıran, üstəlik, özü də hal-hazırda həyatda olmayan, yaşamış olduğu İranda belə, əələm müctəhid kimi taninmayan və təqlid edilməyən Sadiqi Tehraninin ölkəmizdə reklamını təşkil etmək, ya da bu reklama dolayısı ilə dəstək vermək bəzi ilahiyyatçıların nəyinə lazımdır? Əcəba, “dovşan” fətvalarından sonra yuxarıdakı fətvaların da təbliğ edilməyəcəyinə, ən azından, məşhura zidd olduğu üçün təriflənməyəcəyinə zəmanət varmı? Axı bu ilahiyyatçılar çoxluqdan seçilməyi çox xoşlayır və bununla öz eqolarını tətmin etdiklərini düşünərək sakitləşirlər...
***
Üçüncüsü,
dovşan ətinin haramlığının səbəbləri barədə guya araşdırma apardığını söyləyən şəxslər nə səbəbdənsə məsələni birtərəfli göstərməyə çalışır, belə təsəvvür yaradırlar ki, yeganə səbəb dovşanın məsx olunmuş heyvanlardan olmasıdır. (Yəni Allahın lənəti ilə günahkar şəxslərin çevrilmiş olduğu heyvanlardan olmasıdır).
Əvvəla, səbəbin məhz nədən ibarət olduğunu söyləmək məsuliyyətini heç böyük üləmalar belə, öz üzərlərinə götürməmiş, yalnız fərziyyələr irəli sürmüşlər. Allahın hikmətini mütləq şəkildə anladığını iddia edən şəxs çox böyük iddia etmiş olur.
Doğrudur, hədislərin böyük qismində dovşanın məsx olunmuş heyvanlardan olduğu bildirilir. Alimlərin də bir qismi bunu əsas götürərək, dovşan ətinin haram olmasının səbəbini bununla əlaqələndirmək istiqamətində fərziyyələr söyləmişlər. Lakin bunu mütləq şəkildə iddia etmək olmaz. Çünki ən azından, dovşan ətinin haramlığının başqa səbəbləri ola biləcəyinə işarə edən hədislər də mövcuddur. Məsələn, İmam Rza (ə) buyurmuşdur ki, dovşan haram edilmişdir. Çünki o, vəhşi pişiyə (sinnəvr) bənzəyir. Vəhşi pişik və digər yırtıcı heyvanlar kimi onun da caynaqları var, onların kökü eynidir (Vəsailüş-şiə, cild 16, səh. 316). (Hədisin ardında dovşanın dişisinin heyz olduğu buyurulur). İmam Rzanın (ə) bu hədisi Şeyx Səduqun “Üyuni əxbarir-Riza” və Təbrisinin “İləlüş-şəraye” kitablarında mövcuddur. Dovşanın at, dəvə ya inək kimi dırnağı yoxdur! Əgər dovşan vəhşi pişik cinsindən olan yırtıcı heyvandırsa, deməli, aydındır ki, əti haramdır. Təsadüfi deyil ki, mərhum Ayətullah Seyyid Əhməd Xansari də “Cameül-mədarik” kitabnda (cild 5, səh. 149) dovşan ətinin haramlığı barədə danışarkən məhz onun vəhşi pişik kimi yırtıcı olduğunu əsas gətirir.
Fiqh taixi boyunca bir çox alimlər isə dovşanın dərisinin zatən nəcis olduğuna əsaslanaraq, ətinin də yeyilmədiyini bildirmişlər. Həqiqətən, bəzi hədislərdə dovşan dərisinin nəm halda təmas zamanı nəcasət yaratdığı ifadə edilir. Bir çox hədislərdə isə hətta dovşanın bir tükünün namazı batil edəcəyi buyurulur. Maraqlananlar hədis mənbələrinə və istidlali fiqh kitablarına müraciət edə bilərlər. Bu hədislərin səhihliyi qəbul edilərsə, dovşan ətinin yemək üçün mütləq mənada haram olduğu avtomatik sübuta yetir.
Seyyid Səbbah Şəbriri adlı bir müasir şiə alimi dovşanı həşərat növündən hesab edərək, qədim lüğət kitablarından nümunə gətirir. Youtube kanalında onun bu mövzuda çıxışları da vardır. Qeyd edək ki, həqiqətən, bəzi klassik lüğətlərdə, o cümlədən, Xəlil ibn Əhmədin “əl-Ayn” kitabında dovşanın həşərat qisminə aid edilməsinə işarə vardır.
Məsx məsələsinə gəlincə, bəziləri bunu məsxərə hədəfi etməkdən çəkinmirlər. Hər bir halda, Quran məsxdən danışır və bunu inkar etmək mümkün deyil. Məsx bir çoxlarının təsəvvür etdiyi dərəcədə bayağı mövzu da deyil. Yəni heç kim iddia etmir ki, bütün dovşanlar, donuzlar, itlər, meymunlar, ayılar, fillər və s. vaxtilə Allahın lənəti ilə cildini dəyişmiş insanlardan ibarətdir. Və heç kim iddia edə bilməz ki, bugünkü həmin heyvanlar cildini dəyişmiş o insanların nəslidir. Bunu iddia etmək gülünc olardı.
Mühüm olan məsxin çirkinliyidir. Yəni bu heyvan növləri ona görə çirkin və əti haram sayılır ki, Allah günahkarları onlara döndərmişdir. Düşünmüsünüzmü ki, niyə Allah günahkarları məsələn, qoyuna, inəyə, dəvəyə və bunlar kimi əti halal olan heyvan və quşlara deyil, hətta aslana ya pişiyə deyil, məhz o heyvan növlərinə çevirmişdir? Yəqin ona görə ki, həmin heyvan növlərinin çirkinliyini bizə bildirmək istəyir. İnsanlar bəlkə də əskildilmək üçün həmin heyvanlara çevrildilər və həmin heyvanlar əskikliyin simvolu oldular…
***
Dördüncüsü,
dovşan barədə elementar biologiya kitablarına, internet resurslarına nəzər salmaqla bu canlı haqqında müəyyən təsəvvür əldə etmək olar. Və inanın, əldə olunan təsəvvür bu canlının “şirin” və məsum görünüşü ilə çox da uyğun gəlmir...
Dovşanlar (eləcə də, kroliklər) və onların aid edildiyi dovşankimilər fəsiləsi elm aləmində uzun müddət gəmiricilərə aid edilmişdir. İzah üçün deyək ki, məsələn, siçanlar, siçovullar da gəmiricidir. Məşhur bioloq Karl Linney dovşanları gəmirici hesab edirdi. Yalnız 1912-ci ildə C.U.Qidli adlı alim dovşanları gəmiricilər dəstəsindən ayırdı və onlara bioloji təsnifatda müstəqillik verdi. Bu gün də gəmiricilər və dovşankimilər dəstələrini birlikdə gəmiricikimilər adlandırırlar...
***
Beşincisi,
üzdə çox yaraşıqlı, zərif və təmiz görünən dovşan daima ... öz nəcasəti ilə qidalanır! Bəli, bəli, bu sözü özümüzdən yazmırıq. Mövzu barədə istənilən biologiya kitabına və internet məlumatına baxsanız, bu sözün doğru olduğunu rahatlıqla yoxlaya bilərsiniz. Dovşanın kor bağırsağı mədəsindən bir neçə dəfə böyükdür və həzm prosesinin çox hissəsi orada gedir. Kor bağırsaqda qida iki hissəyə bölünür və iki fərqli şəkildə ifraz edilir. Lifli ifrazat maddələri nəcis şəklində xaric olur. Bu nəcis adətən quru, dənəvarı şəkildə olur. Daha tez həzm olunan və faydalı maddələrlə zəngin olan qida tullantıları isə adətən, səhər çağı dovşan tərəfindən ifraz edilir. Bu növ nəcisi elmi ədəbiyyatda tsekotrof adlandırırlar. Tsekotrof selikli örtüyün içində olur, yumşaq və nəm xüsusiyyətə malikdir, turşu qoxusu verir. Dovşan daimi olaraq öz ifraz etdiyi tsekotrofu yeyir. Bununla o, öz orqanizmini faydalı maddələrlə təmin etmiş olur. Çünki tsekotrofun tərkibi protein, zülal, vitaminlərlə zəngin olan qida qalıqları və bakteriyalardan ibarətdir. Dovşan öz nəcisini yeməklə enerji toplayır, inkişaf edir. Məhz bunun sayəsində o, daha tez böyüyür. Əgər dovşan öz nəcisini yeməsə, onun inkişafı zəifləyir, disbakterioz və vitamin çatışmazlığı yaranır. Maraqlısı budur ki, mənbələrin məlumat verdiyi kimi (hər nə qədər oxucuda iyrənclik yaratsa da, bunu yazmalıyam), dovşan adətən tsekotrofu yerə düşmədən, elə öz bədənindən yeyir. Kənardan elə görünür ki, o, sanki pişik kimi öz ayıb yerlərini yalayıb təmizləyir, əslində isə o, qidalanma ilə məşğuldur!
Dovşanpərəstlər etiraz edə bilərlər ki, nə olsun, başqa heyvanlar da nəcasət yeyirlər. Doğrudur, amma başqa heyvanları nəcasət yeməkdən təmizləmək üsulu (istibra) vardır. Şəriətə görə, nəcasət yeyən ev heyvanı və ya ev quşu müəyyən müddətə bağlı yerdə saxlanılır və yalnız təmiz qida ilə yemlənir, nəcis yeməsinə maneə yaradılır. Dovşan üçün bunu etmək qeyri-mümkündür. Çünki o, instinktiv olaraq öz nəcisini yeyir. Ona bu işi qadağan etmək mümkün deyil. Gərək daim bir nəfər onun keşiyini çəksin ki, ifrazat xaric olan kimi yığıb kənara tullasın. Hətta bunu etsələr belə, dovşan ziyan çəkəcək. Öz nəcisini yeyə bilməyən dovşan adətən, tez xəstələnir, ən yaxşı halda isə gec böyüyür. Bu isə dovşan saxlayanlar üçün sadəcə olaraq maddi ziyandır. Gec böyüyən, artmayan, zəif, xəstə dovşan kommersiya əhəmiyyəti də daşımır və onu bəsləmək, satmaq xeyir gətirmir.
Bunu da qeyd edək ki, dovşanlar və kroliklər tulyaremiya adlı qorxulu xəstəliyin daşıyıcıları ola bilirlər. Qızdırma və limfa düyünlərinin zədələnməsi ilə müşayiət olunan bu kəskin infeksion xəstəlik gəmiricilər və dovşanlar vasitəsilə yayılır.
***
Nəhayət, altıncısı,
dovşan əti yalnız İslamda deyil, İslamdan əvvəlki dinlərdə də haram idi. Tövratın Levit kitabında Həzrət Musaya (ə) vəhy olunur ki, yəhudilər dovşan ətini yeməsinlər: “Və dovşanı (yeməyin). Çünki o, gövşəsə də, haça dırnaqlı deyil və sizdən ötrü murdardır” (Levit kitabı, 11-ci fəsil, 6-cı cümlə). Tövratın Təsniyə kitabında da bu əmr təkrarlanır (Təsniyə kitabı, 14-cü fəsil, 7-ci cümlə). Mənbələr xəbər verir ki, orta əsrlərdə ruslar da dovşan ətini murdar bilirdilər. Həmçinin, İngiltərənin qədim sakinləri olan brit tayfaları da dovşan əti yemirdilər.
***
Qoy bundan sonra dovşan əti yemək istəyənlər əslində nə yedikləri barədə düşünsünlər!..
Müellif: MOVLA_ELCHIN (17.07.2016 / 10:50)
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks
Xəbərlər
Mömin dostunu dəvət et
Sizin ip: 18.205.176.85

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir.

ILK-10
© By: MOVLA_ELCHIN